Novruz, Yazın gəlişini simvolizə edən, çox əsrlik tarixi olan və xalq arasında ənənəyə çevrilən qədim xalq bayramıdır. Nov – yeni, ruz – gün deməkdir. Yeni gün, yeni ilin başlanğıcıdır. Zərdüştlük dövründə günümüzə kimi gəlib çıxan bu bayram torpağın dirçəlişini və məhsuldarlığı özündə birləşdirir.
Çərşənbələr.
İlk çərşənbə su çərşənbəsidir. Su çərşənbəsi, yazın gəlişi ilə əriyən buzları, çaylardakı su səviyyəsinin artmasını əks etdirir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır və tarixi çox qədimdir.
Sonrakı çərşənbə od çərşənbəsidir. Od çərşənbəsi, günəşin günü-gündən yerə yaxınlaşması torpağı qızdırması ilə əlaqəlidir. Bu çərşənbədə insanlar tonqal qalayar və şam yandırarlar. Od çərşənbəsi qədim insanların oda və günəşə inamından irəli gəlir.
Üçüncü çərşənbə yel çərşənbəsidir. Həzin külək oyanmış torpağı, yeni tumurcuqlamış ağacları tərpədir və yel isti hava gətirir. Bu çərşənbə havaların istiləşməsini təcəssüm etdirir.
Sonuncu çərşənbə torpaq çərşənbəsidir. Bu çərşənbəyə ilaxır çərşənbəsi də deyilir. Torpaq çərşənbəsi torpağın tamamilə oyanması, canlanması ilə bağlıdır. Torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Torpaq çərşənbəsində tonqal qalama, qapı pusma, şam yandırma, fala baxma və bir sıra adətlər var.
Novruz süfrəsindəki nemətlərin mənası
Novruz şirniyyatları mahiyyətcə bayramın ruhundan gələn yenilənməni, yaradılışı ifadə edir. Şəkərbura yeni çıxmış ayı, paxlava ulduzları, şoqoğal isə günəşi özündə əks etdirir. İnanca görə bayram günü süfrəyə “S” hərfi ilə başlayan 7 nemət qoyulmalı və 7 taxıl növü cücərdilməlidir. Bayramda və çərşənbələrdə süfrəyə qoyulan səməni bolluğun, yaşıllığın və əkin-biçinin rəmzidir. Yaz əkini qabağı səməni cücərtmək, xalqın çörəyə ehtiramı kimi rəmzi mahiyyət daşıyır. Səməni bayramdan sonra axar suya atılmalıdır. Bayram süfrəsində yer alan yumurta həyatın, dünyanın yaradılışını əks etdirir. Qoz, fındıq güc simvolu, qovurğa isə bərəkət rəmzidir. Adətə görə bayram xonçası şamsız olmamalıdır. Şam, günəşin yerdəki simvoludur.
Novruz bayramı adətləri
Papaq atmaq – Adətə görə bayram vaxtı uşaqlar qonşu evlərə papaq atır və ev sahibi papağı boş qaytarmamalı, içini novruz nemətləri ilə doldurmalıdır.
Qulaq falı – Bu adət əsasən qızlara aiddir, dilək tutaraq qonşu evlərə qulaq falına çıxılır. Eşidilən xoş və ya bəd sözlərə görə yozum edilir.
Şam yandırma - Bayram günü xonçaya ailədəki insanların sayı qədər şam qoyulur və inanca görə şamı söndürmək olmaz.
Bayramınız Mübarək!