Sizi deyib gəlmişəm ey mənim müsəlman qardaşlarım!
Bizi deyib gələn Molla Nəsrəddin jurnalı necə yarandı?
1906-cı ilin fevral ayında Cəlil Məmmədquluzadə satirik, yumoristik jurnalı nəşr etmək üçün Tiflis Qubernatoruna ərizə yazır. Razılıq alındıqdan sonra Mirzə Cəlil və Ömər Faiq Nemanzadə jurnalın ilk nömrəsini çapa hazırlayırlar və aprelin 7-sində Azərbaycan mətbuat tarixinin ən şərəfli səhifələrindən biri yazılır: “Molla Nəsrəddin”.
O zamanlar Molla Nəsrəddin jurnalının insanların həyatında bu qədər təsiri olacağını və 100 il keçsə də xatırlanacağını heç kəs bilməzdi. Həftədə 1 dəfə Azərbaycan dilində çıxan bu jurnal bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. Jurnalı ərsəyə gətirənlər, cəmiyyətdəki kəsirləri açıb göstərməklə xalqın ictimai-siyasi süurunu inkişaf etdirmək, onu dünyanın ən qabaqcıl və mədəni xalqları sırasına qatmaq istəyirdilər.
25 il fasilələrlə Tiflisdə, Təbrizdə, Bakıda nəşr olunan jurnalın redaktoru böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə idi.
Satirik şeir cəbhəsinin bayraqdarı Mirzə Ələkbər Sabir, Molla Nəsrəddin jurnalında dərc etdirdiyi satirik şeirləri ilə yeni bir ədəbi məktəbin əsasını qoymuşdu.
Tərpənmə amandır bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Özündə çox geniş məzmunu əks etdirən karikaturalar isə Oskar Şmerlinq, İosif Rotter, Seyid Əli Behzad, Əzim Əzimzadə və Xəlil Musayevə məxsus idi.
Jurnalın birinci nömrəsinin üz qabığında verilən şəkildə möhkəm yuxuya getmiş xalq və onları oyatmağa gələn Molla Nəsrəddin təsvir olunub. Karikaturanı Tiflisdə yaşayan alman rəssamı Oskar Şmerlinq çəkmişdi.
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa...” bu sözlərlə başlayan jurnal, o dövrdə xalqın oyanışını istəməyən qüvvələri narahat etməyə başladı. Din xadimləri, xalqa yuxarıdan aşağı baxan bəzi “intellektuallar” bu jurnalın bağlanması üçün əllərindən gələni edirdilər.
“Molla Nəsrəddin” o dövrdəki jurnallardan fərqli olaraq savadsız oxuculara müraciət edirdi. Jurnalın mətnləri çox sadə, kartikaturaları isə tez başa düşülən idi.
Bu gün “Molla Nəsrəddin” jurnalının 114 yaşı tamam olur. Cəlil Məmmədquluzadənin yaratdığı bu məktəb hələ də yaşayır, bizləri düzlüyə səsləyir.