Bütün zamanlar üçün ən yaxşı uşaq kitabları

2 aprel 2020

Fidan Kərimova

“Məndə olan bütün yaxşı keyfiyyətlərə görə kitablara borcluyam” M.Qorkiy. 

Kitablar insanın ən səssiz dostudur və eyni zamanda ən gur səsli müəllimidir.  Kitab, bizə bilmədiklərimizi öyrədir, görmədiyimiz yerləri tanıdır. Kitablarla tanışlıq kiçik yaşlarda başlayarsa bu dostluq daimi olar. 

Dünyada bəzi kitablar vardır ki, onları uşaq yaşlarda oxuyuruq və beynimizdə bu kitablar uşaq kitabı olaraq kodlanır. Yaş artdıqca isə bu kitabların uşaqlar üçün olduğunu fərz edərək onları oxumuruq. Əslində bu kitabların bir çoxu böyüklər üçün də faydalıdır. 

Bu gün, həminkitabların günüdür. Uşaq kitabları, uşaqların dünya görüşünü artırır və onların düşüncə tərzini formalaşdırır. 

Bütün zamanlar üçün uşaqlara faydalı ola biləcək kitabları sizin üçün bir araya yığdıq.

1.The Little Prince (Balaca Şahzadə)

“İnsanlar haradadır?” deyə sükutu pozdu Balaca Şahzadə. “Səhrada insanlar özünü yalnız hiss edir. İnsanlar arasında da yalnız ola bilir insan”, - dedi ilan. 

Neçə yaşında olmağınızdan asılı olmayaraq hər zaman oxuya biləcəyiniz kitab, Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri Balaca Şahzadə 1943-cü ildə New Yorkda çap olunub. New Yorkda bir otel otağında yazılmış kitabın illustrasiyaları Ekzüper tərəfindən çəkilib və əsər qədər məşhurdur.

Əsərdə bir uşağın gözündən böyüklərin dünyası izah edilib. Əslində bu əsər yazıçının öz başına gələn əhvalatdan yaranmışdır. Yazıçı eyni zamanda bir pilotdur. Afrika üzərindən uçarkən təyyarədə problem baş verir və yerə enmək məcburiyyətində qalır. Yazıçı burada baş verənləri toplayır və Balaca şahzadə əsərini ərsəyə gətirir. Əsər, səhraya düşən pilotun balaca şahzadə ilə qarşılaşması ilə başlayır və şahzadənin həyatı və başına gələnləri danışmağı ilə davam edir.

2.Alice's Adventures in Wonderland (Alisa macəralar diyarında)

Bütün dünyada Luis Kerrol adı ilə tanınan Charles Lutwidge Dodgsonun1865-ci ildə yazdığı bu roman, Alice adlı bir qız uşağının dovşan yuvasından fantastik bir dünyaya keçidindən bəhs edir. Yazıçı dostunun qızını əyləndirmək üçün qoşduğu əhvalatları bir əsər halına salır. Bu əsər dünya uşaq ədəbiyyatının incilərindən sayılır. 

Hekayə, dovşanın arxasınca gedən Alisanın ayağının büdrəyib yuvaya yıxılması ilə başlayır. 

Fantastik bir yerə düşən Alisa burada yedikləri ilə ya həddindən artıq böyüyür, ya da kiçilir. 

3.The Adventures of Tom Sawyer (Tom Soyyerin macəraları)

Böyük Amerika yazıçısı Mark Tvenin 1875-ci ildə qələmə aldığı “Tom Soyyerin macəraları” romanı dünya uşaq ədəbiyyatının incilərindən sayılır. Əsər, Tomla dostlarının başına gələnlərdən bəhs edir. Macəra yaşamaq istəyən dostlar kimsəsiz adada tufana düşürlər. Geri döndükdə isə onlar öz dəfn mərasimləri ilə qarşılaşırlar. Tomla Hekin növbəti macərası məzarlıqda olur. Burada onlar bir cinayətə şahid olurlar və uşaqlar işin üstünü açmağa çalışırlar. 

Romana aid bir neçə dəfə film çəkilib. 

4. The Count Of Monte Cristo (Qraf Monte Kristo)

Məşhur fransız yazıçısı Aleksandr Dümanın macəralarla zəngin romanlarından biri olan “Qraf Monte Kristo” maraqlı və dinamik sujet xəttinə malikdir. Əsər,Edmond Dantenin keşməkeşli həyatından bəhs edir. Marsel şəhərində gerçəkləşən hadisələr 1815-ci ildə cərəyan edir. Evlənməyə hazırlaşan Dante, həbsxanaya düşür və orada Fariya ilə tanış olur. Həbsxanadan qaçmağa çalışan Dante, eyni zamanda dostu Fariyadan bir çox şeylər öyrənir və elmli birinə çevrilir. 

Haqqında film çəkilmiş bu əsər, Napaleonun dönməsindən qorxan kral və tərəfdarlarından bəhs edir.